Ürəyinizdə Ata Günəşi olsun, Göy Tanrıçıları!

Eluca Atalı
Bu Günəş sizin ruhunuzu daim soyuqdan -- yadlıqdan xilas etməyə, qorumağa qadirdir.
Bu Günəş Türkə, Bəşərə özü olmaq, İnsan kimi yaşamaq yolun göstərir.
İlk əvvəl 15 sentyabr Bakının türk qoşunu tərəfindən azad olmasının 99-cu il münasibəti ilə təbrik edirəm. Çox təəssüf ki, hələ də çoxları bilmir ki, Vətənimiz Azərbaycanın varlığı üçün bugünkü gün bizim tariximizdə müqəddəs gündür. Bunu da millətə tanıtmaq kimi bir yük sizin boynunuzdadır.
Bəli, biz millətçiyik, amma şovenist deyilik. Millətçi- öz millətini sevir, digər millətlərə sayğı göstərir, onların insani haqlarıni tanıyır. Şovenist isə yalnız özünkünü sevir, digər millətləri özününkünün quluna çevirir. Bizim əqidəmiz, yolumuz bir millətli bəşər ideyasına qarşı olduğundan bəşərə sayğımız var.
Asif Atanın Azərbaycan və Türkiyə birliyinə dair bir fikrini xatırlatmaq istəyirəm: "Azərbaycan - Türk Dünyasının beyni və ürəyi! Türkiyə- Türk Dünyasının qolu və kürəyi!" Beyin, ürək, qol, kürək bir yerdə olmazsa, sağlam bədən yaranmaz. Bizim varlığımızı qoruyan Türkiyə ilə iş birliyini heç zaman yaddan çıxarmaq olmaz.
Bu gün Demokratik Respublikanın yaradıcısı Məmməd Əmin Rəsulzadə kölgədə qoyulur, öyrənilmir, öyrədilmir. Əslində bu bizim siyasi istedadımızın bir millət olaraq üzə çıxdığı tarixlə bağlıdır, Şərqdə ilk dəfə olaraq Rəsulzadə rəhbərliyi ilə Demokratik Respublika yarandı. Ona görə üzə çıxarmağa qorxurlar ki, bugünkü balacalar kölgədə qalarlar, itərlər bu böyük tarixin dəryasında. Siz bunu öyrənin və öyrədin! Onda özünüzlə fəxr duyğusu yaranacaq sizdə. Onda qorxunu içinizdə öldürmüş olacaqsınız. Bilərəkdən özümüzlə fəxr duyğusunu əlimizdən alırlar, bizi gələnin qabağına yüyürdürlər, gedənin arxasınca ağlamağa məcbur edirlər. Ən bariz nümunəsi, əsrlərdir yad tarixi üçün gözyaşı axıdıb, yadın turist biznesinə xidmət edirik. Bütün cəhdlərin canında bizim kimliyimizi ləkələmək durur, nə olursa-olsun, öz böyüklüyümüzdən xəbər tutmayaq. Bunun üçün də çalışırlar böyüklüyümüzün üzərinə çirkab atsınlar, qaralasınlar. Ərəblə fəxr edək, farsa alqış göndərək, qərb böyüklüyünü görək, texniki inkişafını, pulunu, göz qamaşdıran gəlişməsini, hər şeyi, hamını göstərirlər, özümüzdən savayı. Bundan artığını deməyəcəm, siz hər şeyi aydın anlayırsınız, mənim dostlarım. Siz idraklı türk gəncliyisiniz!
Sizin tutduğunuz yolu alqışlayıram, çünki əzəli türkçülüyümüz üzərində qurmusunuz bu yolu, özümüzəməxsusluğun nişanəsi olan, xalisliyimizin rəmzi olan tükrçülüyümüzdür. Orda ərəbin qorxudan, cənnət-cəhənnəmlə insanı şirnikləndirən allahına yer yoxdur. Eyni zamanda insanı cəzalandıran, "öz yaratdığına" inanmayan, daim onu imtahana çəkən, bərkə-boşa salan allaha yer yoxdur. Türkçülükdə hər şey özümüzdəndir, özgəliyə yer yoxdur.
Alparslan Türkeşin səhvi türkçülüyün belin qırdı. Türkçülük hara, islamçılıq hara? Əyilməz türk ruhunu ərəb dəvəsinin quyruğuna bağlamaq özünə türkçü deyən üçün bağışlanmaz günahdır. O, türk ruhu qarşısında günaha batdı. Artıq vaxtdır, bütün bunları deməliyik. Ərəbin də böyüyü var, danmırıq. Türkün də zəlili var, demədən keçmirik. Amma ərəb mənliyi üzərində türkçülüyü qurmaq türkə böyüklük gətirmir, onu kiçildir. Bir liderin bir səhvi milləti özündən ayırdı. Buyurun, bu günkü Türkiyə yarandı.
"Əldə Quran, yolumuz Turan!" şüarı səhvdir. Ürəyində türk ruhu, beynində inamlı idrakla TURANA yürüyəcəksən. Onda dizin bükülməz, ürəyin əsməz bu uzun, məşəqqətli yolda.
Göy Tanrısı insanı saflaşdırır, göyləşdirir və özünə qovuşmağa çağırır.
Sizi alqışlayıram bu yolu tutduğunuz üçün. Kim olduğunuzu, hansı yükü, nə qədər çəkisi olduğu yükü çiyninizə aldığınızın fərqindəsiniz. Ağır yükdür, amma fərəh gətirir. Bu yükü hamımız paylaşmalıyıq, onun altına hamımız çiyin verməliyik, onda yük bizi əyməz.
Amma bu gün siz tək qədimliyimizə qayıtmaqla özünüzə çata bilməzsiniz. Özünə çatmayansa kutsal əməl yetirə bilməz.
Bu gün Azərbaycanda - türkün qədim yurdu odlar yurdunda Asif Ata Ocağı var, dünyanın, həyatın, insanın xilasın insanda görən, onun taleyini insandan kənardakı qüvvəyə tapşırmayan, özünə tapşıran, insanın daxilindəki böyüklüyə inanaraq onun özünə həvalə edən bir İnam Okulu var. O, sizə yad deyil, sizin doğmanızdır, çünki biz türklərin fitrətindən yaranıb bu Ocaq.
Ondan öyrənin və öyrədin. Qaranlığa batmış, inam adı ilə alver edən dünyaya Ocağımızın nuru gərəkdir, işığı gərəkdir, xilas yoludur Ocaq. Bəşər hələ də bundan xəbərsizdir. Bu gün xəbərsizdir, sabahsa o sizin əməlinizlə xəbərdar olub sizə üz tutmalıdır. Siz tək türkün yox, bəşərin xilaskarı ola bilərsiniz, öz kimliyinizi sübut etməklə.
Asif Ata "Rəmzlər" Kutsal Kitabında deyir: "Homerin demədiyi: İnsan taleyini özündn kənardakı qüvvəyə tapşıranda oyuncağa çevrilir." İnsanı oyun-oyuncaq olmaqdan, dünyanı isə öz taleyini həll edə bilməyib, öz taleyini gözə görünməz qüvvənin öhdəsinə buraxmışların əlindən qurtarın.
Asif Ata "İnsan dəyişməsə, dünya dəyişməz!"- dedi. İnsanın özündən başlayıb dünyaya çıxması yolunu Ruhani İntibahda belə göstərdi:
Mütləqə İnam
Kamil İnsan
Müstəqil Vətən
Ruhani Cəmiyyət
Özümlü Şərq
Ləyaqətli Bəşər.
"Nə mutludur türkəm deyənə!" - şuarını "Nə mutludur kəndi kimliyini dərk edən türk!" - şüarı ilə əvəz edin. Özünü dərk etməmiş türk mutlu ola bilməz. Ərəbin qucağında olan türk mutluluğunu harda tapacaq? Və ya digərlərinin dalıyca yüyürən türk mutluluğunu harda tapacaq, necə tapacaq?
Sizin yaşadığınız Vətəndə, şəhərdə varlığını sübut edən Mütləqə İnam Ocağından bunu öyrənin.
Sizə Fərəh diləyirəm.
Fərəhinizi fərəhsizlərdən qoruyun, imkan verməyin fərəhsizlər fərəhinizi oğurlasın. Onda heç bir saf əməl yetirə bilməzsiniz.
Ürəyiniz Qaranlıqları Yarsın!
Atamız Var Olsun!


Eluca Atalı
Asif Ata Ocağının Evladı, yazar, Stokholm

Yorum ekle

Sosyal Medya