KÜRD AQİBƏTİ

ASİF ATA ilə RUHANİ TƏMAS
–Mütləqimiz, Müqəddəsimiz, Peyğəmbərimiz Asif Atanın adına səcdəylə!
— Səcdəniz ucadır!
–Mütləqimizlə bu təmasımız Kürd halıyla, Kürd aqibətiylə bağlıdır. İlk sualımız belədir : Kürdlərin kökü, mənşəyi haqqında Ata fikri.
–ATA :–Kürdlər İran Mənşəli xalqdır. Dəqiq bilinmir, amma belə bir fikir var ki, guya kürdlərin Midiya ilə də əlaqəsi olub, hətta bəzən iranlılar və midialılar deyəndə farslar, azərbaycanlılar və kürdlər deyirlər. Mənə elə gəlir ki, (mən bunu fəhmlə deyirəm) kürdlər sonradan, ya da əvvəldən semitlərlə-ərəblərlə qarışıblar. Bu, həm bunların dillərində hiss ounur, həm də antropoloji cizgilərində. Sayları çoxdur, səhv eləmirəmsə, bizdən çoxdurlar sayca. Etnos nöqteyi nəzərindən budur kürdlər mahiyyətcə -Hind-Avropa irqinə aiddirlər. Nə qədər qəribə olsa da, Qərb elə Şərqdir, Şərqin bir hissəsidir. Burada bir dolaşıqlıq da var, hər halda türklə kürd adasında heç bir etnos birliyi yoxdur. Midiyada təkcə azərbaycanlılar yox, farslar da yaşayırdə. Eləcə də kürdlər. Fars Midiyanın bir hissəsi olub. Fars bir əyalət idi. Onun başında Kir dururdu ki, sonradan o, qaynatası Astiyaqa qarşı üsyan qaldırdı. — Müqəddəs Ata, kürdlərin dövlətçiliyi haqqında.
ATA : – Kürdlər heç zaman dövlət yarada bilməyiblər. O ki, Kürdüstan deyirlər, o, İraqın şimalında olub.Bunu dövlət adlandırmaq olmaz.İndi İraqda Kürdüstan adlı yer var. Yəqin ki, hər xalq dövlət qura bilmir. Dövlət qurmaq fitri işdir. Dövlətçilik yevreylərdə heç yoxdur. İnanmıram ki, İsraildə dövlətləri həmişəlik olsun. Har halda kürdlər səpələniblər başqa ölkələrə, dünyaya – Türkiyəyə, İrana, İraqa… Azərbaycanda kürdlər əsasən Qubadlı, Kəlbəcər, Laçın zonasına yayılıblar. Lakin yevreylərdən fərqli olaraq kürdlər özlərinin milli özümlüyünü saxlaya bilməyiblər. Məsələn, Türkiyə kürdlərinin çoxu türkləşib, İran kürdlərinin çoxu farslaşıb, İraq kürdlərinin çoxu ərəbləşib. Mən bilmirəm, görəsən Azərbaycanda öz dilində danışan kürdlər çoxdurmu? İnanmıram.
O da aydındır ki, kürd həmişə öz dövlətini qurmaq istəyib. Əbdülhəmidin dövründə ermənilərə birinci divanı kürd tutub. Əbdülhəmid onları ermənilərə qarşı çevirib. Bəli, erməniləri ilk dəfə qıran kürdlər olub; Gənc türklər dövründə.
Mən bilmirəm, bəkə də kürdlərin ədəbiyyatı var – söhbət böyük ədəbiyyatdan gedir, – bəlkə də musiqisi var, fəlsəfəsi var. Təki olsun.
— Mütləqimiz, kürdlərin xarakteri haqqında Ata fikri.
Ata: – Kürd xarakteri haqqında bir-birinə zidd fikirlər var. Bəziləri kürdü “mərdin mərdi” sayırlar. Bəziləri isə bunu istehza ilə deyirlər. Mənim fikrim budur ki, kürddə bunun ikisi də var. Elə ki, bir etnos başqasına qarışır, onda onun xarakteri də pozulur. Elə ki, kürd İranla, İraqla qarışdı, xarakteri də pozuldu, indi də belədir. Adətən kürdlər bir az kobud, ibtidai düşünən köhnə xalq təsiri bağışlayır: Yalandan uzaq, siyasətdən uzaq. Qədim əsrlərdə kürdə qarşı ikili münasibət olub: xələf – naxələf; qəddar, amansız və əksinə. Bunu da F. Kərimzadə Qəmlo surətində verə bilib.
Bir məsələ var ki, bu xalq hələ yetkinləşməyib. Yetkinləşmək deyəndə özünə çatmağı nəzərdə tuturuq. Bəlkə də, dövlətsizlik ona mane olub. Ziddiyyətli xalqdır, ancaq erməni deyil. Erməni bütövdür məkrliyində.
Bəs necə oldu ki, kürdlər erməniləylə birləşdilər bu PKK məsələsində? Kürd heç vaxt ermənini sevməyib. Kürd pisdir, yaxşıdır, ancaq erməni deyil. O, ermənilərlə siyasət xətrinə birləşib. Məsələ burasındadır ki, türk təbii xalqdır, erməni cəpmayəçi.
Ocağın istəyi odur ki, Kürd özünə dövlət qursun. Ancaq fikirləşsin görsün nə eləyir, heç bir xalq ona öz torpağından  pay verməyəcək.
Biz kürdə qarşı deyilik. Amma biz ağlımızı itirməmişik ki, Türkiyəyə qarşı olan azğınlığı deməyək. Kürd Qərbə yalmanmaq yolu ilə Türkiyəni sarsıtmaq istəyirsə, bu, murdarlıqdır. Bu məsələdə erməniylə birləşirsə, o, üç dəfə murdarlıqdır, on dəfə murdarlıqdır.
Heç kəs təzədən kürddən ötrü dünyanı bölməyəcək. Çətin məsələdir bu. Cənubi Azərbaycan ayrı məsələdir.Cənubi Azərbaycanın Şumali Azərbaycanı var. Cənubun haqqı var döyüşməyə. O, döyüşməlidir. Ocaq bu işdə ona əlindən gələn köməyi eləyəcək ki, səhv eləməsinlər, amma ki, döyüşsünlər. Bir əsrdə üç dəfə döyüşüb, məğlub olub Səttarxan, Xiyabani, Pişəvəri dövründə. O, bir daha məğlub olsa, özünə gələ bilməyəcək. Gəlmirlər bura ki, deyim ki, onlar təmkinlə hazırlaşmalıdırlar. Orada-burada qırıq-qırıq döyüş əvəzinə təmkinlə hazırlaşmalıdırlar. Ruhani Döyüş səviyyəsində hazırlaşmalıdırlar. Hay-küysüz, həşirsiz. Altdan xalqı ayağa qaldırmadan, yetirmədən bu işi eləmək olmaz. Şimali Azərbaycan siyasətinə arxalanmamalı. Siyasət aləminə, xüsusilə də Qərbə yalmanmamalı. Mollalar bundan istifadə edərlər, deyərlər ki. islamçı olan Qərbə yön alır. Silahdan əvvəl Ruhla döyüşsünlər Şərlə. Amma elə eləsinlər ki, ümumi dalğa olmasın. Bilmirəm, indi onların kimləri var. Onların bir zaman güclü adamları olub. Bir zaman orada Pişəvəri olub. O, ağıllı adam idi. Onu Beriya burada  avtomobil qəzasına salıb öldürdü. Bu söhbət kürd söhbəti olmasa da, çox narahatam İran məsələsindən. Çox narahatam. Ataları yoxdur onların. Beş kitabı da axıra qədər oxumayıblar, mənə elə gəlir. Narahatam mən. Orada ağıllı adam görmürəm, hay-həşirlidirlər.
Kürdün də arzuları var. Amma indiki ağılla heç nə edə bilməyəcəklər. Özlərinə nifrət qazanacaqlar. Amerika kimin arxasında durdu ki, sənin də arxanda dursun. Ona lazımdır kürd adında alət ki, lazım gələndə Türkiyənin belini əysin. Həmçinin İsraildə də vəziyyət belədir. Heç Amerika balaca bir çeçenlə bağli bir bəyanat da vermədi.
—  Mütləqimiz, kürdlərin musiqisi haqqında. Muğamatda kürdlərin rolu məsələsi, xüsusilə də “Bayatı-Kürd”də.
Ata: – “Bayatı-Kürd” muğamı, “Bayatı-Şiraz” muğamı – bunların adları, Ataya görə, sonradan dəyişmiş muğamlardır. Bunlar məğzlə uymur. “Bayatı-Şiraz” adında məzmuna uyğun heç nə yoxdur. Məsələn, ümumi adlar qoyurlar musiqidə: “Altıncı simfoniya”, “Yeddinci simfoniya” və s.
Mənə elə gəlir ki, bu muğamlar kürdlər yaşayan yerlərdə daha çox yayılb. Ona görə də muğamlardan biri “Bayatı-Kürd” adlanıb. Ümumiyyətlə , Şərq mahiyyəti ən çox kürdlər yaşayan yerlərdə olub.
Mən “Bayatı-Kürd”ün mahiyyətini belə açmışam: “Hara gedirəmsə, qəm evinə düşürəm, çıxa bilmirəm.”
Başqa muğamların da adı məğzlə uyğun gəlmir. Məsələn, “Hümayun” quş adıdır, “hüma” sözündəndir. Məğzlə, məzmunla uyuşan muğam “Çahargahdır”dır. Ən düz ad – “4 səs” deməkdir. “Segah” – “üç səs” deməkdir. “Rast” – “Hamar yol”, “Şur” – “İlham”…
İkinci bir tərəfdən, əgər bunlar kürdündürsə, niyə onlar özləri bundan istifadə eləmirlər? Belə bir zənginliyi onlar əldən verərdilərmi, bu muğam əgər kürdlərin olsaydı? Mən bu muğamı hər çalanda Ruhum yuyulur.
Ona görə də mən bu məsələdə çox ehtiyatlıyam. O ki, qaldı kürdün musiqisi, onların musiqisi çox kaldır hələ, bəsitdir. Mənə elə gəlir. Mənim zənnimcə, kürd hər şeyi təzədən başlamalıdır.
Bayaq kürdün xarakterindən danışdıq. Bir əlavə də edək. Kürdün bir cəhəti də var: Kürd başqa ölkələrdə yaşayanda nəsə qopartmaq istəyir. Məsələn, S. Pəhimova mən dəfələrlə demişdim ki, niyə “Şamo” Azərbaycan xalqının epopeyası olsun? Məgər kürdlər Azərbaycan xalqının tarixində böyük rol oynayıb? Qulu Xəlilov, filan, o birilər bu məsələdə canfəşanlıq eləyirdilər. Mən Yazıçılar İttifaqında bir dəfə çıxış etdim, bunlara dedim ki, a bala, “Şamo” bizim epopeyamızdır? O necə xalqdır ki, onun epopeyası kürdə həsr olunur? Elə o vaxtdan məni millətçi adlandırıb günahlandırdılar. Yaxud da Qaçaq Nəbidən elə Babək düzəldirlər ki,…Qaçaq qaçaqdır. Həcər xanımdan elə ideal düzəldirlər ki,… Nə eləyib görəsən, bu Həcər xanım? Həcər xanımı bu saat Tomrisdən yaxşı tanıyırlar.
Gərək Ocaq bununla da məşğul olsun? Bunlar adi işdir. Məgər bizim işimiz azdır? Bilmək olmur ki, bu ziyalılar nəylə məşğul olurlar? Adi türk məsələsini də qaldıra bilmirlər.
Bax, bu dediyimiz cəhət kürdlərin pis cəhətidir. Qaçaqçılığın milli hərəkata dəxli yoxdur. Xanlara, bəylərə qarşı olub. Qaçaq ən çox camaatı soyub. Qaçağın əli ən çox kasıba çatıb. Qaçağın əli xana, bəyə çox gec çatıb. Onların – kasıbların səbəbinə yaşayıblar. Deyəndə ki, mənim qəhrəmanım qaçaq olub, deməli biz quldur xalqıq. Belə çıxır. Onda bizim ləzgilərdən, çeçenlərdən, avarlardan nə fərqimiz oldu? Bəs necə oldu ki, Zərdüştü verən xalq gəldi yeddinci əsrdə ərəbə qul oldu? Günah xalqın özündədir. Necə oldu ki, Nəimini, Nəsimini o cür xalqın gözü qarşısında öldürdülər?
— Kürd halı bu gün və PKK haqqında.
Ata: – PKK yarandı SSRİ-nin dövründə. Bu məsələləri mən diqqətlə öyrənmişəm və burada mənim biliyim də rol oynayır, fəhmim də. O dövrdə və xüsusulə son illərdə SSRİ-nin bir nömrəli problemi Türkiyəni zəiflətmək idi. Türkiyə SSRİ-ni eşitmirdi, Qərblə yaxınlaşmışdı. SSRİ özü də həyasızcasına canfəşanlıq elədi, bir neçə zavod açdı Türkiyədə. Türkiyə başa düşdü ki, qorxdu ki, Qərbə yaxınlaşmasa SSRİ onu da yeyəcək, məhv eləyəcək İran kimi. İrana kömək edən SSRİ idi, onu  məhv edən də SSRİ oldu. Türkiyə NATO-ya üzv oldu və bu, SSRİ-ni lap dəli elədi. SSRİ fikirləşdi, Kürd Fəhlə Partiyasını yaratdı. Kürd Fəhlə Partiyasının əsas məqsədi Türkiyəni parçalamaq idi. Ayrı-ayrı marksist şüarlar indi də var. Kreml üçün idi o. Məqsəd təkcə Müstəqil Kürdüstan yox, Sosialist Kürdüstanı yaratmaq idi. Bəli, əsas məqsəd Türkiyəni parçalamaq idi. “Bəlkə heç sosializm də lazım deyil orada. Sonra baxarıq”. Bunun tarixi budur. Kürd Fəhlə Partiyası Rusiyaaltı partiya oldu. Türk kommunistləri ilə yaxınlaşdılar. Türk kommunistləri də razılaşdılar bunlarla; təki hakimiyyətə gəlsinlər.
SSRİ dağıldıqdan sonra kürdlər məcbur oldular ki, terrora keçsinlər. Ümidləri kəsildi və fanatizmi alışdırdılar. Cavan-cavan qızların, oğlanların qurbanlığı. Onları meyidə çevirdilər. Mənim sevmədiyim bir şey. Yeri gələndə mən özüm- özümdən tərəddüdsüz küçməyə hazıram. Lakin buna xüsusi hazırlaşmaq lazım deyil. Biz yaşamalıyıq.
İndi o partiya terrorçudur. Bu partiyanın məqsədi odur ki, gərginlik daim artsın və Türkiyə məcbur olsun, onlara torpaq versin. Lakin məsələnin mürəkkəbliyi bunda deyil. Əsas məsələ odur ki, kürdlər ermənilərlə birləşiblər. Ömrü boyu ermənilərlə döyüşən kürd indi nə qazanacaq onunla birləşməkdən? Erməni kimə nə verib? Kimə nə yaxşılıq edib? Onların partiyalarının başçılarından biri ermənidir. Onlar belə siyasət yeridirlər; birgə döyüşürük,qələbə qazanırıq,sonra da bölürük.Bizə ermənistan da kömək edir. Bəli,sonra da bölürük Türkiyəni.
Ata və Ocaq kürdlərə qarşı döyüşün hamısını qəbul eləyir. Bəs,Türk insan deyil? O boyda tarixi olan bir xalq. Niyə sən özünü düşünürsən, o boyda xalqı düşünmürsən? Sən nəsən onun yanında? Bəs sən nə vermisən?
Biz kürdlərə qarşı deyilik, kürdlərin bədxahı deyilik, amma onların strategiyası və taktikası yalnız və yalnız məğlubiyyət yarada bilər özləri üçün. Vəziyyət belədir.
– Dünya və PKK məsələsi ilə bağlı Ata fikri necədir?
ATA: – Qəribə bir vəziyyətdir: kommunizmin qəddar düşməni olan Qərb PKK-nı müdafiə eləyir, PKK-dan başqa İraqda olan iki partiyanı da. Qərb çox incə üsullarla müdafiə eləyir; onları alışdırır. O tərəfdən də Türkiyəni göyə qaldırıblar. Bu yaxınlarda prezidentliyə namizəd Doul çıxış edib deyir ki, biz Türkiyəni tamam unutmuşuq, ona kömək eləmirik yaxşı. O, nə dediyini çox gözəl bilir.
İrana da bu hadisələr toxuna bilər. Orada da kürdlər var. Sonra da bu hadisələr İrana keçə bilər.
Ən ikiüzlü siyasəti Rusiya aparır: bir tərəfdən Türkiyə ilə yaxınlıq, o biri tərəfdən də kürdlərlə yaxınlıq. Moskvada kürdləri lap belə xüsusi himayə eləyirlər.
Bir də Almaniya ikiüzlü siyasət aparır. Həmin o köhnə Avropa siyasəti.
Türkiyə bütün dünyanın gözündə bir iynədir. Lakin onunla açıq döyüşmək olmaz. Siyasət də hərtərəflidir. Amma kürd kartından istifadə etməyən ölkə yoxdur.
Türkiyəyə qarşı münasibət belədir: inkişaf elə, amma güclənmə, art, amma böyümə.
O tərəfdən də islamçılar başlayıblar. Onu da deyim ki, bizim İranla oynadığımız oyun çox riskli oyundur. Bizimkilər boylarından uca tullanırlar, sonra da cumurlar İranın üstünə ki, dərdin alım, sən mənim canımsan, qardaşımsan, mənim səninlə heç bir qeylü-qalım yoxdur. Ortada Amerika var; sənin üçün də pay yeri tapmışam.
Bununla da siyasətçiləri böyük sayırlar. Elm sübut eləyir ki, insanda milyardlarla hüceyrə var. Nəyə lazımdır o milyardlarla hüceyrə ki, anlamırlar ki, siyasətdə heç nə yoxdur, siyasətdə müqəddəslik yoxdur. Niyə bilmirlər ki, siyasi xadim heç vaxt böyük ola bilməz. Dünyanın qarmaqarışıq halı var. Bunda Qərb uduzacaq. Qərbin sonunu görürəm. Qərb indi arxayınlaşıb. Qərbi möhkəmlədən SSRİ idi. Qərbə SSRİ lazım idi.
– İraq – Kürd məsələsi…
ATA: – İran – İraq yağılığı həmişəlikdir. İran İslam aləminin lideri olmaq istəyir. Dinin aləmi yoxdur. Dinin bu dünyası yoxdur, o dünyası var. İslam aləmi nə deyən şeydir? İtaətdən də mədəniyyət olar? Niyə Qərb özünü xristian dünyası adlandırmır, sənsə özünü hələ bir fəxrlə islam dünyası adlandırırsan. İslam aləmi deyəndə fanatik dünya – Novruzəli nəzərdə tutulur – haradasa sivilizasiyadan uzaq düşmüş aləm. İran hələ də əl çəkməyib ümumbəşəri islamçılığından.
Kürd məsələsi belədir: İraq əlindən gələni eləyir ki, kürdü İrana qarşı salsın. İran əlindən gələni eləyir ki, kürdü İraqa qarşı salsın. Hər ikisi də kürdü sevmir. Məqsəd odur ki, kürd məhv olsun.
Həm də İran türkün rəqibidir; İran türkün düşmənidir. İraq da İranın rəqibidir. İraqla İran arasında birləşmək ehtimalı vardı, Küveyt məsələsi bunu aradan qaldırdı.
Küveyt döyüşündə NATO-ya qarşı çıxdı Türkiyə.
— Mütləqimiz, bu halla kürdlər özlərinə dövlət qura biləcəklərmi?
ATA: – Hələ ki, indiki gedişatla yox. Bəli, tutalım ki, hansısa bir vaxtda ola bilər. Ancaq hələ ki, indiki dövrdə mümkün olmayan  bir şeydir. Ümumən, gerçəklik səviyyəsində kürd çox təhlükəli bir yol tutub. İnanmıram ki, hansısa möhkəm bir dövlət ona pay versin. Qəribə bir vəziyyətdir: indi bizdəki kürdlər türkçüdürlər. Bütün bunlar məni inandırmır. Yəni türkü o qədər sevdi bunlar?
– Mütləqimiz, indi Türkiyə tam qəti qərara gəlib ki, PKK-çıları qırmayınca əl çəkməyəcək onlardan. Bu haqda…
ATA: – Türkiyənin başqa əlacı yoxdur. O, geri çəkilən kimi terrorist kürdlər gəlib camaatı qırır. Onların öz Xocalısı var. Neyləsin bəs Türkiyə? Əgər kürd deyənə Türkiyə baxsa, onda o batdı. Onda Türkiyə olaçaq federal bir dövlət. Onda erməni deyəcək ki, mənə də  Kilikiyanı ver, Anadolunu ver; mən də torpaq istəyirəm, necə ki, kürdə verirsən – deyər. Ona görə də Türkün əlacı yoxdur. Başqa cür eləyə bilməzdi.
Vəziyyət belədir ki, türkün yüzünü qırırlar, heç kəs heç nə demir; kürdün altısını qırırlar, o saat dünya bağırır. Bu da siyasətdir; mənfəət və fürsət.
– Müqəddəs Ata, Kürd – sabah məsələsi. Kürd öz sabahını necə qursun?
ATA: – Kürdlər gərək özlərinin müstəqilliyə nail olduqlarını sübut eləsinlər bəşəriyyətə. Axı sən öz dilini unuda-unuda, öz musiqini unuda-unuda nə haqla dövlət tələb eləyirsən? Nəyin qalıb sənin? Necə sən dövlət qurmaq istəyirsən ki, öz adətlərini unudursan? Elə bayraq üçün dövlət qurmaq istəyirsən? Dövlət o zaman qurulur ki, milli şüur baş qaldırsın, millətçilik baş qaldırsın.
Necə sən dövlət qurmaq istəyirsən ki, özünü tamam unutmusan? Uzun müddət bununla məşğul olsunlar. Hansı dövlətin içində olur-olsun, özlərini axtarsınlar, tapsınlar. Özünü pasporta “kürd” yazdırmırsan, özündən əl çəkirsən.
Bu dediyim çıxış yolundan başqa əlac görmürəm kürdlər üçün.
Və o fikir ki, əvvəl dövlət quracağam, sonra millət olacağam; o səhv fikirdir.
Azərbaycanın haqqı var müstəqil olmağa. Yerə-göyə sığmayan Ruhaniyyatı var, dili var, musiqisi var,dövlətçiliyi var… Lap sabah ləzgi dedi “mən də varam”, nə gətirəcək o bura? Deyəcək ki, bura mənimdir; ləzgi dilində nə var axı? Yaxud tat dili. Tat dilində nə var?
Gərək müstəqilliyinə tam mənada sahib olasan. Bundan başqa heç nə deyə bilmərəm sizə. Sizi aldada bilmərəm.
– Atamız Var olsun.
ASİF ATA: – Qaranlıqlar Yarılsın!
Yükümüzdən böyük fərəhimiz yoxdur!

Yorum ekle

Sosyal Medya